“Hər bir yüksək vəzifədə işləyən şəxsə Prezident tərəfindən etimad göstərilir. Həmin şəxs çalışmalıdır ki, bu etimadı ən yüksək formada doğrultsun və onu yerinə yetirsin. Bu, hər bir dövlət məmurunun əsas vəzifələrindən biridir və bunun üçün hər kəsin çalışmasına, səy göstərməsinə ehtiyac var”.
Bunu Hafta.az-a deputat Ceyhun Məmmədov Ramiz Mehdiyevin ev həbsi və bunun ölkə daxilində gedən proseslərə təsirinə diqqət çəkərkən bildirib.

C.Məmmədov qeyd edib ki, R.Mehdiyev uzun illər - həm Ulu Öndərin, həm Prezident İlham Əliyevin vaxtında ən yüksək dövlət vəzifələrində işləyib. O, bu mənada hesab edir ki, kifayət qədər təcrübəsi olan, Ulu Öndərlə bir yerdə çalışın bir şəxs heç zaman dövlətə xəyanət etməməliydi.
“O şəxsdən söhbət gedir ki, dövlət onun üçün hər cür şərait yaratmışdı. Yəni ən ali adlarla, ən ali yüksək vəzifələrlə təmin olunmuşdu. Ona görə də bu şəxsin belə bir addım atması həqiqətən də qəbul edilən, anlaşılan deyil. Yəni bu gün ölkəmiz həssas bir dövrdən, həssas bir mərhələdən keçir. Bu gün dövlətimizin qarşısında çox yüksək, çox mühüm vəzifələr durur. Və bu vəzifələrin icrası üçün hər kəs Prezidentin ətrafında birləşməli, dövlətimizin güclənməsində öz töhfəsini verməlidir. Bu mənada öz dövlət maraqlarını başqa maraqlara qurban verməyin heç bir izahı yoxdur. Hər kəsin bu prinspi əsas götürməsinə və bu məsələyə əməl etməsinə ciddi ehtiyac var. Hər bir dövlət məmuru çalışmalıdır ki, Prezidentin etimadını doğrultsun və öz fəaliyyətində bu prinsipləri qorusun. Bu prinsipləri qorumadan, bu prinsipləri təmin etmədən dövlət qurmaq qeyri mümkündür”- deputat deyib.
C.Məmmədov xüsusilə qeyd edib ki, insanlarımız bu məsələlərdə çox diqqətli, ehtiyatlı, məsuliyyətli olmalı və bu kimi məsələlərə daha həssas yanaşmalıdırlar:
“Bu gün bu məsələ dövlət tərəfindən araşdırılır və bu prosesdə iştirak edən hər kəs ciddi şəkildə cəzalandırılacaq, onların barəsində dövlət tərəfindən ciddi addımlar atılacaq. Hər kəs bilməlidir ki, dövlətlə dövlətçilik etmək olmaz. Hər kəs dövlətin qoyduğu qaydalara mütləq şəkildə əməl etməlidir”.